Hördüm saçımın ucunu


İnsanları çox uzaqda tutmalı,
təzə tanışlıqlardan uzaq durmalı
köhnə xatirələrimi uzağa tullamalıyam.

Uzaq bir məmləkətdə
xudmani bir həyətdə
bir ağac əkməli
kölgəsində uyumalı
fidanlarına baxıb sevinməliyəm.

Sizin şəhərə nifrətim var
adamlarına
yadlara güləcək üzüm qalmadı
İki üzümün birini cırıb
yalın ayaqlarıma qab elədim.
Kəmərimin bənövşəyi izləri
bədənimin bəzəyi indi.
Qafiyəsiz, dağınıq şeirlər
yaza bilirəm
notsuz mahnılar.
Küçələrə su səpirəm
o gəlməyəcək deyə
təmiz olsun
toza alerjim var.
Sən ki məni almadın
get ayrı dolan
bilirsənmi
gənc yaşımda bir yar sevdim
uçdu getdi quşlar.
Heyif…
Qaçdım sənin dalınca mən
gördüm yoxsan
amma
ayaqlarıma qurumuş palçıq kimi
yapışmısan
dişlərimin dibində
ilişib qalan
bir tikə yeməkmişsən
tüpürdüm axır ki.
Zibillikləri belə qıymadım sənə
üfürdüm havaya
uç…
uç buralardan
sizin şəhərə nifrətim var.
Əslində
nə sənə qız qəhətdi,
nə mənə oğlan
Get tullan
evdə keçəl qızım olsa
vermərəm sənə.
Dalanların divarlarında
adımı yazanın atasını söymüşəm
pis yerindən
eyib sənə olsun.
Məhəmməd peyğəmbər deyiləm ki.
Amma
göylərə çəkiləcək qədər
İsayam
Amma
sizin şəhərə nifrətim var.

Taxta qapıma
dəmirdən kilid vurmuşam
durub gəlmə nazlana-nazlana
sallana-sallana.
Bilirəm,
mən ki belə deyildim
yəqin
məni bir öyrədən var
sizin şəhərə nifrətim var.

Axmağın biri axmaq!
Özünə yaraşdırmadın məni?!
Getmək istəyirsən bəhanəsiz get
oyatma hirsimi
qızdırma beynimi
bilmirsən ki,
sizin şəhərə nifrətim var?!

Allaha üsyanım
Atama üsyandan başladı
Səndən nə var qaçmağa?
Vardım, xəyal olmuşam…
Səndən mənə dost olmaz
Mən səndən küsdərəcək
Yaxşı, yaxşı –
Sən ağlama,
Dayanamam,
Şinanay yavrum oppa şinanay
Mən ağlaram ikimizin yerinə.
Noolsun ki,
sizin şəhərə nifrətim var…

İnana bilmirəm ki,
Səni mənə verməzlər
axı
bu sevda nə sevdadı
ağlımı aldı
başımda dolanır havalar
Offff…
Bağışlayın cənab Mer,
sizin şəhərə nifrətim var…

Hiç yorum yok: