Günəşi söymüşdülər


Sonata

Yıxılıb ruhunun ayaqlarına
ağlayırdı ana.
Yoxluqdan qaytarmaq istəyirdi
duaları...
İçində təəssüf...
...təəssüf...
Səsdən,
Gözdən,
Sözdən,
Başdan olan
Yavrusuna yalvarırdı ana.
Ölüm, xəstəlik qoxusu
vardı havada,
vardı yuvada.
Layla oxuyurdu ana
layla
yavrusuna.
1. Dəli gözəlin mahnısı: (Alleqro)
do-si,
do-si
səslənirdi Dəli gözəlin mahnısı.
do-si,
do-si
çərək
çərək
çərək
çərək
olmamışdı beləsi.
Qanadı qırıq quşlara
oxuyurdu Dəli gözəl.
(Stakatto)
Yox,
Yox,
Yoxam,
Mən yoxam,
Yoxam,
Yüz dəfə, min dəfə
Mən yoxam,
Yoxam,
Yox, yox.
do-si
do-si
çərək
çərək
hamısı çərək.
Mahnısını oxuyurdu Dəli gözəl
Dəli gözəl.
2. Kor qızın nağılı:
Yummuşdu gözlərini–
işıq düşür qaranlığa–
bəhanəsi böyük.
Zülmətə abidə ucaldırdı
Günəş boyda.
Günəşi söymüşdülər
gizildəmişdi əlləri.
O isə dini, imanıydı Günəş
həyatıydı atəş.
Deyə bilməmişdi
o parçamdı,
sən bütünüm.
Qopar – qovrularam,
amma sənsiz yox olaram.
Danışmamışdı
yerə düşmüş almaları
axtarırdı əsasıyla.
3. Karın səsi:
Qışqırmışdı
var gücüylə.
Yoxluq güc gəlmişdi qulaqlarına.
4. Lalın marşı:
Namə`lum notlarda
Namə`lum səslər
ayaqların çırpa-çırpa
oxuyurdu...
... öz aləmində...
5. Popuri:
Yaş balışda
başını yelləyirdi
Dəli gözəl.
Quşları yuxuya vermişdi
Kor qızın nağılı.
Qısıla-qısıla
içindı qalmışdı
Lalın marşı.
İçində qalmamışdı
Karın səsi.
Ölüm, xəstəlik qoxusu
vardı havada
vardı yuvada.
Səsdən,
Gözdən,
Sözdən
Başdan olan
yavrusuna
yalvarırdı ana.
Yoxluqdan qaytarmaq istəyirdi
duaları
içində təəssüf...
...təəssüf...
Yıxılıb ruhunun ayaqlarına
ağlayırdı ana
ağlayırdı anam.

Hiç yorum yok: