Son


Mən Eşq küçəsində yaşayıram
yaşım 20—
yox,
Mənzil 20.
Açıq qapı-bacalı
sınıq pəncərəli
bir viranada.
Çirkinliyimdən qorxur
qonşu uşaqları.
Utanıram halımdan.
Bir sınıq miz,
bir çolaq əsası
bir də Sən varsan
otağımda.
Şəklini də asmışam baxışlarımdan
Mən də yoxam—
İtmişəm, elə bil,
gildir-gildir
göz yaşımla bitmişəm
Sondan sonrası...
Bu mənzil!...
E!
Bu mənzilin havası yox
nəfəsin yox deyə.
Bu mənzildə yuvası çox
axmaq hörümçəklərin.
Sən varsan,
bir sənsən gözəl—
Gözəllik.
Çirkinliyimdən qorxur
qonşu uşaqları.
Utanıram
Aynalarda bir ağlar gözəl var
gözəlliyinə heyran.
Bu mənzildə hər gün,
hər an,
hər zaman
Başgicəlləndirən duman,
hamilə buludlar var—
(inanmasan da olar).
Eşq küçəsində yaşayıram
mənzil 20.
Açıq qapı-bacalı
sınıq şüşəli pəncərələrdən
gecə-gündüz
bir qız baxar.
Köksünə yağış yağar.
...Eşq küçəsi...
...bir mənzil...
...bir qız...
...gəlib-gedən...
...yox...
...təzə güllər əkdim...
...Unutdum—
Nəsə deyəcəkdim...

Hiç yorum yok: