Bir-bir düşür yadıma...



Dəmir barmaqlıqlardan
uzadardım balaca əllərimi.
Ovcunda gizlənərdi
buz kimi barmaqlarım.
Evə heç istəməzdim
yalvarardım hər dəfə
“Nolar, yanında qalım...”
Hamısı yadıma gəlir.
Biz səni gözləyirdik
sönük ocaq başında.
Bir həsrət ovudurdum
mən körpə baxışımda.
O da yadıma gəlir
ilk dəfə evimizdən
çıxmamışdım mən o vaxt
nənəm yola salmışdı
yanına gəlib onda
“Mən məktəbə gedirəm
Dur, bax”—
deyə bilmişdim ancaq.
Hamısı yadıma gəlir.
Adına şam yanardı
bayram axşamlarında
sən olmazdın yanımda.
Bir gün əvvəl olardı
bizim bayramlarımız
noolsun?!—
yas içində hamımız.
Hamısı yadıma gəlir.
Tələsərdim biləndə
görüşünə gəlirəm.
Xəyallar uydurardım
yatmayıb sübhə qədər.
Elə ki dolayardım qollarımı boynuna,
toxtayardım balaca,
unudardım hər şeyi.
Bu qızcığaz, balaca
hər görüşun başından
“Vaxtdır!” deyənə kimi
uyuyardı dizində
nə bir dərdi, nə qəmi
Hamısı yadıma gəlir.
Bir dəfə də...
bir gecə
yorğan çəkib başıma
ağlamışdım gizlicə.
Ancaq bilmirəm necə
bilmişdi bunu anam
içini çəkə-çəkə
danışmışdı nənəmə.
e...eh..h...
sənin həsrətindən
od düşmüşdü sinəmə.
Unutmadım heç nəyi
deyirəm yana-yana.
İstəyirəm biləsən
hamısı gəlir yadıma.
bir-bir düşür yadıma...

Hiç yorum yok: