Kişiləri zivədən asın!


Sənmi keçdin bu gün –
məndən
içimdən
bədənimdən
ruh kimi
görünmədən?
mənmi keçdim könlündən? –
orasını bilməm…

köhnə bir zivədən asılan kişimi
yoxsa o kişidən asılan qadınmı
oyatdı məndə səni?
ya da səndə
yenə mən
yenidən mən
oyanmağa ümid varmı deyə düşüncəsi?
burasını biləməm….

heç qapını
ya da yaddaşını döyən xatirən varmı?
sən də köhnə mahnılara
unudulmuş telefon nömrələrinə
sənə yazılmış şeirlərə
(ya da sənə yazdığım şeirlərə)
sığınıb darıxırsanmı?
yoxsa kişilər doğrudan ağlamır?
məndən qalan
mənə qalan şeylər
gəlirmi ağlına?
bir anlıq intihar
arzun olurmu heç?
birini incitmək
hirsinə qurbanlıq seçmək birini
ya da əvəzimə birini sevmək
yadmı sənə?
bilirsənmi burasını?

qurumuş ağacların dibində bitən yamyaşıl otlar
ağaca söyüş kimi…
onlar bilməz…
onlar…
hər olduğun yerdə
mütləq
mütləq unutduğun nəsə var
unutdurmayan…
bütün bunlar
unudulmuşların fəlsəfəsi…
sən bilməzsən orasını…

məsələn unutmayanlara söyüş kimi…