Yazacaqlar



Bu dünyanın baş daşına yazacaqlar:
“Daş başına bu dünyanın”

S.Ç.

Onun-bunun umuduna
çörək tapan körpələrin
yaşına yaş əvəzinə
qərinələr gələr bəlkə.
Arxasını qanunların
qəfəsində itirənlər
ortalıqda...
əsir-yesir...
Hər baharda yeni günəş yalan gələr,
yalan geyər.
İkiüzlü həqiqətin əllərindən
tutub gələr
təzə gəlin libasında hər il bahar.
Bizimkilər
ümid qapar ordan-burdan.
Bir sığalın istisindən
min bir dərdini unudar.
Hər ağızdan bir avaza gücmü çatar?!
Dilləri lal,
qəlbi məlal,
gözlərində milyon sual
büzüşərlər
soyuq yorğanlar altında
yetimlərə “gəl-gəl” deyən
o çoxların qazanında
həyat bişən zamanlarda
Bizimkilər...
Bizimkilər
Payızlara ürək açar
payızları sevə bilər.
ilhamını sağa-sola düzə bilər.
Bizimkilər yaza bilər...
Yazacaqlar...
Bu dünyanın baş daşına...

Hiç yorum yok: