Mən də elə...


Səni itirmək bahasına
başa gəldi bu dünya –
bir dünyaya bədəlmişsən
itirincə anladım...
mən də elə hamı kimi...
Ayrılıqlar qovğasına
tuş gəlincə həyatım
sən durdun astanada
əl yelləmək düşdü mənə...
mən də elə hamı kimi...
İztirablar yolladın
arxanca
gündən-günə
həsrət vurdu kəllə-çarxa
gözlərinə baxa-baxa
unutmaq olmazmış səni...
mən də elə hamı kimi...
Qırdığın ümidlərini
sabahlara daşıyınca
inamlar itmirmiş, demə.
Qalxa-qalxa,
çökə-çökə
həyat dolur gözlərinə...
mən də elə hamı kimi...
Eh, əzizim,
kim demiş ki, “sənsiz olmur”?!
Yaşadıqca yaşanırmış...
Qovduğun arzularını
Bağrına basmağın varmış.
Adam insan olmaq üçün
bir deyil,
min deyil,
bəlkə milyon kərə doğularmış.
Sən də tanımadın məni.
Əslində elə mən də...
mən də elə hamı kimi...

Hiç yorum yok: